Böhran Neymar`ı PSG`də saxlaya bilər
Bir sıra klubun maraq dairəsində yer alan PSG`nin braziliyalı hücumçusu Neymar mövsümün sonunda klubda qalma şanları getdikcə artır. ONBİR Mundo Deportivo`ya istinadən bildirir ki, koronavirus pandemiyası ilə bağlı yaranan iqtisadi böhran səbəbilə 28 yaşlı futbolçunun bazar qiyməti heç bir klubun cibinə uyğun olmayacaq. Transfermarkt Neymar`ı 128 milyon avro məbləğində dəyərləndirir.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında Barcelona`dan PSG`yə 222 milyon avro qarşılığında transfer olunmuşdu. Hal-hazırda, o, ildə 31.6 milyon avro qazanaraq, Messi və Ronaldo`dan sonra dünyanın üçüncü ən çox maaş alan futbolçusudur. PSG ilə müqaviləsi 2022-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, son zamanlar Neymar`ın PSG`ni mövsümün sonunda tərk edəcəyi ilə bağlı xəbərlər yayılır. Braziliyalı ilə Barcelona, Real Madrid, Liverpul, Juventus kimi bir sıra top klubların yaxından maraqlandığı bildirilir.