Qurban Qurbanov: Aberdeen`lə matça hazırıq
Qarabağ ilk oyunda tək qolla qalib gəldiyi Aberdeen`lə bu dəfə səfərdə qarşılaşacaq.
ONBİR UEFA Konfrans Liqasındakı təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun görüş öncəsi təşkil edilən mətbuat konfransındakı açıqlamalarını Report`a istinadən təqdim edir:
“Çox vacib oyundur. Neçə matçdır ki, ağır yol gəlmişik. Sabahkı görüşdə bir komanda durmalıdır.
Rəqib haqqında məlumatımız çoxdur. Sadəcə, hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komandaya və futbolçulara qarşı oynayacağıq. Mən həmişə düşünmüşəm ki, belə komandalara qarşı oynamağın faydası var. Yaxşı oyun öz yerində, Aberdeen`ə qarşı meydanda yaxşı mübarizə aparmalıyıq. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları var. Çox şey demək olar. Bu gün hələ ki, bunlar bəs edər.
Hansısa oyunçu haqqında fikir bildirməmişəm. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun üçün hazırlaşmışıq”.
Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək qarşılaşmanı İdman Azərbaycan telekanalı ilə yanaşı saytımız vasitəsilə də izləyə bilərsiniz.