“Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir”
Millimiz Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İrlandiya yığmasının qonağı olacaq.
ONBİR qarşılaşmadan öncə təşkil edilən mətbuat konfransda komandamızın baş məşqçisi Gianni de Biasi`nin açıqlamalarını təqdim edir:
“Ağır nəticədən sonra buraya gəlmişik. Lüksemburqla oyunun ikinci hissəsində keyfiyyətli oyun göstərə bildik. İlk hissə və ikinci hissə arasında böyük fərq oldu. İlk dəqiqədən son saniyəyədək mübarizə aparmalıyıq. Qrupumuzda yer alan bütün komandalar reytinq baxımından bizdən irəlidədir, amma bu, bəhanə olmamalıdır. Evə yaxşı nəticə ilə dönmək istəyirik. Yaxşı nəticə əldə etmək üçün isə maksimum gücümüzü nümayiş etdirməliyik.
Heyətlə bağlı demək olar ki, qərar vermişəm, ancaq indi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, Lüksemburqla oyunun ikinci hissəsində oynayanların çoxu meydanda olacaq. Təbii ki, əvvəlcə onların fiziki vəziyyətinə və necə bərpa olunmalarına baxmalıyıq. Heç bir oyun asan olmur. Bu cür ardıcıl oyunlarda bərpa olunmaq çox vacibdir”.
(affa.az)