BŞİH Milli Şuranın müraciətinə cavab verib
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-na təyin etdiyi mitinq ilə bağlı müraciətinə cavab verib.
Bu barədə AzadlıqRadiosuna aksiyanın təşkilatçıları bildiriblər.
Təşkilatçıların verdiyi məlumata görə, BŞİH, bundan əvvəlki aksiyalarında olduğu kimi, yenidən mitinqin Bakının mərkəzindən kənar Lökbatan qəsəbəsində keçirilməsinə razılıq verib. Halbuki, Milli Şuranın BŞİH-ə müraciətində aksiyanın yeri kimi Bakının mərkəzi əraziləri təklif edilmişdi.
Milli Şura bundan əvvəl sentyabrın 28-nə mitinq təyin etmişdi. Amma BŞİH təklif edilən yerlərdə yox, şəhərdən kənarda-Lökbatan qəsəbəsində aksiyanın keçirilməsinə razılıq verdiyindən bundan imtina etmişdi.
Daha sonra oktyabrın 8-də BŞİH qarşısında razılaşdırılmış qaydada sərbəst toplaşma azadlığı tələbi ilə piket keçirən Milli Şura orada növbəti mitinq haqqında qərar vermişdi.
Aksiyanın təşkilatçıları da sonra bəyan etmişdilər ki, əgər BŞİH onları yenidən Lökbatana göndərmək istəsə, bundan imtina edib lazım bildikləri məkanda aksiya keçirəcəklər.
Bakı şəhər Baş Polis İdarəsi də bəyan etmişdi ki, icazəsiz aksiyanın qarşısı alınacaq.
Milli Şuranın aksiyalarda tələbləri isə dəyişməz qalır. Təşkilatçıların bildirməsinə görə, bura siyasi məhbuslara azadlıq, uşaqlara aylıq müavinətin verilməsi, qaz və elektrikin əvvəlki qiymətlərlə satılması kimi tələblər daxildir.
Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar siyasi məhbus sayılan şəxslərin məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiklərini vurğulayırlar.
Bəzi hakimiyyət rəsmiləri də habelə qeyd edirlər ki, ünvanlı sosial yardımlarla birgə uşaqlara aylıq müavinətin verilməsi düzgün olmaz. Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə dayandırılıb.
2016-cı ilin noyabrında isə Azərbaycanda qaz və elektrikin qiyməti qaldırılıb. Amma qaz və elektrikin satış qiymətində müəyyən limit də tətbiq edilib. Həmin vaxtdan enerjidaşıyıcılar müəyyən limit çərçivəsində əvvəlki qiymətə satılır.