Milli Şura və Müsavatın mitinqinə icazə verilib
Bu haqda AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü İlham Hüseyn bildirib.
Onun deməsinə görə, birgə etiraz aksiyası ilə bağlı müraciətə BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov cavab verib. Cavabda BŞİH-in aksiyanın martın 31-də keçirilməsinə razılıq verdiyi ifadə olunub.
Mitinqdə “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!” kimi şüarların səsləndiriləcəyi bildirilir. Habelə aksiyada 1918-ci il 31 mart qırğınlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı şüarların səslənəcəyi də gözlənilir.
1918-vi il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törətdiyi bildirilir.
Bu il ölkənin bir sıra yerlərində də bununla bağlı anım mərasimlərinin keçirilməsi planlaşdırılır.
Təşkilatçılar aksiya ilə bağlı martın 16-da Bakı Şəhər İcra Hakimiyyətinə müraciət təqdim etmişdi.
Milli Şuraı və Müsavat Partiyası son dövrlər ilk birgə mitinqi bu il martın 10-da keçiriblər. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb.
Mitinqdə «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlar səsləndirilib.
Aksiyada növbədənkənar prezident seçkiləri ilə də bağlı tənqidi fikirlər də səslənib.
Bakı Şəhər Baş Polis İdarəsi bildirib ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Xatırlatma
Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilmiş seçkilər oktyabrda keçirilməli idi.
Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.
Azərbaycan rəsmiləri isə bəyan ediblər ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.