Türkiyə İraqda kürdlərə qarşı əməliyyata başlayacağını deyir
Çavuşoğlunun bu bəyanatı Türkiyə qoşunlarının Suriyanın şimalındakı Afrin bölgəsində yerli kürd qüvvələrinə qarşı hücum əməliyyatını davam etdirdikləri vaxta təsadüf edib.
Martın 8-də Almaniyaya səfəri əsnasında müxbirlərin suallarına cavab verən Çavuşoğlu deyib ki, yanvarın 20-dən başlanan Afrin əməliyyatı may ayınadək başa çatdırılacaq.
Çavuşoğlu deyib ki, İraq sərhədinin üzərindən kürdlərə qarşı əməliyyata gəlincə isə buna 2018-ci ilin mayında, İraq parlamentinə seçkilərdən sonra başlanacaq.
Türkiyə dövlətinə qarşı onilliklərdir mübarizə aparan Kürdüstan İşçi Partiyası – PKK-nın İraqın Qəndil dağlarında düşərgələri var. PKK bu düşərgələrdən vaxtaşırı Türkiyə ərzisinə basqınlar həyata keçirir.
PKK Türkiyə, Avropa İttifaqı və ABŞ-da terrorçu təşkilat elan edilib.