ABŞ-da hökumət fəaliyyətinin növbəti dayanması baş verə bilər
Nümayəndələr Palatası yanvarın 18-də federal fondların daha bir ay müddətində buraxılmasına dair qanunvericilik aktını qəbul edib. Lakin bu aktın yanvarın 19-dan 20-ə keçən gecəyədək Senatda qəbul olunacağı naməlum qalır.
Ağ Evin büdcə direktoru Mick Mulvaney yanvarın 19-da deyib ki, hökumət fəaliyyətinin dayanması şansı 30 faizdən 50-50 faizədək olaraq qiymətləndirilir.
Hökumətin dayandırılması riski Konqresdəki əsas iki partiya arasında çoxsaylı fikir ixtilafları yarananda baş verir.
Bu arada bütün federal dövlət idarələrinə yanvarın 20-də baş verəcək hökumət fəaliyyətinin dayandırılmasına hazır olmaq göstərişi verilib.
Əgər vəsait qurtararsa federal idarələr işi dayandırmalı və işçiləri evə göndərməli olacaq. Lakin ictimai asayış və milli təhlükəsizliklə bağlı “zəruri xidmətlər” fəaliyyətini davam etdirəcək.
ABŞ-da “government shutdown” kimi tanınan hökumət fəaliyyətinin dayandırılması, Konqres hökumət əməliyyatlarının icrası üçün kifayət qədər vəsait buraxmayanda baş verir.
Bu isə o deməkdir ki, hökumət qulluqçuları “hökumət idarələrinin qapalı” olduğu müddətdə ödənişsiz məzuniyyətdə sayılırlar.
Məsələn 2013-cü ildə hökumət fəaliyyətinin dayandırlıması iki həftə davam edib.
Prezident Donald Trump növbəti tvitində hökumət fəaliyyətinin dayandırlmasını tənqid edib: “Hökumət fəaliyyətinin dayandırılması hərbiyyəmiz üçün dağıdıcı təsirə malikdir…Amma bu demokratların vecinə deyil!”
Hərçənd hökumətin qapalı olduğu müddətdə FTB və Daxili Təhlükəsizlik Nazirliyi kimi mühüm dövlət qurumlarının xidməti işi davam edir.
Bununla yanaşı hökumətin fəaliyyətsiz sayıldığı dövrdə hərbi qulluqçular maaş almaya bilərlər.
2013-cü ilin hökumət fəaliyyətsizliyi dövründə Daxili Vergi Xidməti əməkdaşlarının 90 faizini ödənişsiz məzuniyyətə buraxmışdı.
Bu müddət ərzində poçt və telefon xidmətlərinin işi adi günlərdə olduğu kimi davam edəcək.