Ukraynada separatçılar 74 Ukrayna əsirini ‘əfv ediblər’
Separatçıların lideri Aleksandr Zaxarçenko dekabrın 26-da deyib ki, Ukrayna tərəfinin 306 əsiri separatçılara qaytarmasını nəzərdə tutan əsirdəyişmə, gələcəkdə bu tədbirin daha böyük siyahılar əsasında həyata keçirilməsi istiqamətində ilk addımdır.
Zaxarçenko bildirib ki, əsirlərin dəyişdirilməsi dekabrın 27-də yerli vaxtla gündüz saat 13-də reallaşdırılacaq.
O habelə qeyd edib ki, əsirlərin dəyişdirilməsi zamanı “DXR” və “LXR” (separatçılar Ukraynadan qəsb etdikləri əraziləri belə adlandırırlar) tərəfindən heç bir əngəl törədilməyəcək.
Əgər plan baş tutarsa, bu, son 14 ayda ilk əsirdəyişmə aktı olacaq.
Dekabrın 20-də Minskdə keçirilən görüşdə Rusiya, Ukrayna və separatçıların, habelə ATƏT-in nümayəndələri tərəflər arasında dekabrın 23-dən başlayaraq atəşkəsin bərqərar edilməsi barədə razılıq əldə edildiyini bildirmişdilər.
Birgə bəyanatda deyilirdi ki, atəşkəs Milad və Yeni il şənlikləri ilə əlaqədar elan edilir.
Lakin dekabrın 25-də tərəflər bir-birlərini atəşkəsi pozmaqda ittiham etmişdilər.
2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında imzalanmış Minsk razılaşmaları əsasında indiyədək bir neçə dəfə atəşkəs elan edilsə də, onlara sonadək riayət olunmayıb.