HRW: Azərbaycanda vətəndaş cəmiyyəti əzilməkdədir
QƏBUL OLUNMAYAN TÖVSİYƏLƏR
Ancaq qurum hökumətin bir sıra tövsiyələri əlavə araşdırmaya yönəltməsini məyusedici adlandırır. Bu tövsiyələr LGBT-nin ayrıseçkilikdən qorunması, qeyri-hökumət təşkilatlarının qeydiyyatı və maliyyələşdirilməsinə məhdudlaşdırıcı qaydalarda islahatlar, defamasiya qanunun dəyişdirilməsinə aiddir.
Human Rights Watch qeyd edir ki, hökumətin rədd etdiyi bəzi tövsiyələr siyasi motivli təqiblərlə əlaqədardır və bu, təəccüblü olmasa da, məyusluq yaradır.
Təşkilat Azərbaycanda hökumət tənqidçilərinin saxta ittihamlarla saxlandığını vurğulayır. Jurnalist Əfqan Muxtarlı, siyasətçi İlqar Məmmədova qarşı cinayət işləri sadalanır.
“Azərbaycan hökuməti qanuni fəaliyyətinə görə saxlanmış xeyli bloqqeri, siyasi fəalı, digər tənqidçilərini dərhal buraxmalıdır. Vəkillərə hökumətin müdaxiləsi olmadan işləməyə icazə verilməlidir. QHT-lər barədə qanunlar, onların maliyyə mənbələrinə çıxışı dəyişdirilməlidir, Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri nəzərə alınmalıdır”, – Human Rights Watch vurğulayır.
HAKİMİYYƏT NƏ DEYİR
Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə təqiblərin olmadığını, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir. Beynəlxalq qurumların tənqidləri isə ölkəyə qarşı xarici qüvvələrin “şantaj kampaniyası” kimi dəyərləndirilir.
Dünən – sentyabrın 20-də BMT-nin Cenevrədəki mənzil-qərargahında İnsan Hüquqları Şurasının iclasında qurumun Azərbaycan üzrə öhdəliklərinin yerinə yetirilməsi məsələsi müzakirə olunub. “Turan” agentliyinin məlumatına görə, müzakirələrdə Azərbaycan hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfovun çıxışı dinlənilib.
X.Xələfov Azərbaycanda insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Əsasən Azərbaycanda beynəlxalq təşkilatların tövsiyələrinin icrası üzrə Məşvərət Şurasının yaradılmasına hazırlıq haqda məlumat verib.
Müzakirələrdə iştirak edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov Turan-a bildirib ki, çıxış edənlərin çoxu Azərbaycanın tövsiyələri yerinə yetirmədiyini vurğulayıb.