Suriya qoşunlarının Afrinə daxil olduğu xəbər verilib
Bu bölgənin şimalında hücum əməliyyatı keçirən Türkiyə qoşunları hadisəyə dərhal reaksiya verib.
Suriya kürdlərinin əsas silahlı qüvvəsi – Xalq Müdafiə Birlikləri – YPG fevralın 20-də yaydığı bəyanatda bildirir ki, Suriya hökuməti Türkiyə ilə sərhəd boyunca yerləşdirmək məqsədilə Afrinə hərbi birləşmələr göndərib.
Bəyanatda deyilir ki, hökumət qoşunlarının məqsədi Afrin ərazisinə daxil olmuş Türkiyə qoşunlarının və Ankaranın dəstəklədiyi Suriya qiyamçılarının hücumunun qarşısını almaqdır.
Bu arada Suriya dövlət mediası xəbər verir ki, Türkiyə qüvvələri Afrinə daxil olan hökumətyönlü döyüşçüləri atəşə tutublar.
Türkiyənin dövlət Anadolu xəbər agentliyinin məlumatına görə Türkiyə artilleriya birləşmələrinin “xəbərdarlıq atəşindən” sonra Suriya hökumətinə bağlı qüvvələr geri çəkiliblər.
Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, şiə döyüşçüləri daşıyan onlarca maşından ibarət karvan atəşə tutulduqdan sonra anklavdan “geri çəkilməyə” məcbur olub.
Türkiyə qoşunları və Ankaranın himayə etdiyi Suriya qiyamçıları yanvarın 20-dən başlanan hücumun gedişində Afrin anklavında 40-dək yaşayış məntəqəsini ələ keçirib.
Türkiyə kürd YPG qüvvələrini bu bölgədən tamamilə çıxaracağını bildirir.
Ankara Suriya tərəfinə Afrindəki kürdləri dəstəkləməmək xəbərdarlığı verib.