Google Photos «mem» yaradan funksiyanı işə salır
Google şirkəti Google Photos tətbiqi üçün Me Meme adlı yeni funksiyanı elan edib. Süni intellektə əsaslanan bu alət istifadəçilərə mürəkkəb redaktə proqramlarına və ya üçüncü tərəf servislərinə ehtiyac olmadan şəxsi fotolardan memlər yaratmağa imkan verəcək.
Yeni funksiya tətbiqin “Yarat” (Create) bölməsində, “Animasiya” və “Foto → Video” alətlərinin yanında yerləşəcək. «Mem» yaratmaq üçün istifadəçi sadəcə hazır şablonlardan birini və öz fotoarxivindən uyğun şəkli seçir — bundan sonra İİ avtomatik olaraq yekun görüntünü formalaşdırır. Google daha yaxşı nəticə üçün yaxşı işıqlandırılmış, keyfiyyətli fotolardan istifadə etməyi tövsiyə edir.
İlkin mərhələdə Me Meme məhdud sayda populyar «mem» şablonu təqdim edəcək. Şablonların konkret adları və dəqiq sayı hələ açıqlanmır, lakin Google gələcəkdə onların sayının artırılacağını istisna etmir.
Şirkət artıq Me Meme funksiyasının ABŞ-da Google Photos istifadəçiləri arasında mərhələli şəkildə yayımına başlayıb. Funksiyanın qlobal istifadəyə nə vaxt açılacağı isə hələlik məlum deyil.
The post Google Photos «mem» yaradan funksiyanı işə salır appeared first on InfoCity.