PA rəsmisi seçkilərdən bunu deyib
«Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib».
AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova yanvarın 16-da «Seçkinin mediada işıqlandırılması» mövzusunda informasiya sessiyasında çıxışında deyib.
S.Yusifova qeyd edib ki, parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun tərkib hissəsidir.
Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb. Prezident də öz növbəsində bununla bağlı sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.
Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Onların fikrincə, parlament seçkilərini belə önə çəkməkdə məqsəd opponentləri hazırlıqsız vəziyyətdə belə bir proseslə üz-üzə qoymaqdır. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.