Azərbaycandakı seçkilər Parisdə müzakirə ediləcək
Bu gün, dekabrın 9-da Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.
Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, tədbirlərdə AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcəklər.
Mətbuat xidməti qeyd edir ki, iclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə olunacaq.
Habelə, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi, gücləndirilməsi, iş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda də müzakirələr aparılacağı gözlənir.
Komitələrdə müzakirələr dekabrın 13-nə kimi davam edəcək.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.
Xatırlatma
Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti göndəriblər. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.
Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb. Amma parlament buraxilsa da, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması vacib sayılıb. Dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.