Banqladeşdə yanğında azı 69 nəfər ölüb
Banqladeşin paytaxtı Dakanın köhnə hissəsində yaşayış binalarında böyük yanğın olub, azı 69 nəfərin öldüyü xəbər verilir.
Ölkənin yanğınsöndürmə rəsmilərinin fevralın 21-də səhər bildirməsinə görə, ölü sayının artacağı gözlənir. Xilasetmə işləri davam edir.
Yaşayış binalarında onlarla adam qalıb. Bu ərazidə həm də kimyəvi maddələr saxlanırmış.
Banqladeş yanğınsöndürmə xidmətinin rəhbəri Ali Ahmed deyib ki, yanğın qaz silindrindən başlayıb, daha sonra kimyəvi maddələr saxlanan binaya yayılıb.
Şahidlərin yerli televiziyaya deməsinə görə, binadakı qaz silindrləri bir-birinin ardınca partlayıb. Binanın qarşısındakı tıxacda qalmış bəzi maşınların yanacaq çənləri də alışıb.
“Yanğın başlananda ərazidə tıxac var imiş. Yanğın elə sürətlə yayılıb ki, adamlar qaça bilməyiblər”, – yanğınsöndürmə xidmətinin rəhbəri deyib.
2010-cu ildə Dakada bir binada başlamış oxşar yanğında 120-dən çox ölən olmuşdu. Həmin binadan da kimyəvi maddələrin anbarı kimi istifadə olunurdu.
Bundan sonra Dakada yaşayış ərazilərində kimyəvi maddə anbarları yığışdırılmağa başladı. Amma son illər bu tədbirlər yenə səngiyib.