Pullar banklarda daha 1 il sığorta olunacaq
Pulun banklarda batmaq təhlükəsi ən azı 1 il qanunla aradan qalxır.
Milli Məclisin bu gün, fevralın 19-da keçirilən iclasında «Əmanətlərin tam sığortalanması haqqında» Qanuna təklif olunan dəyişiklik qəbul edilib.
«Report» xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda əmanətlərin tam sığortalanması daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.
Bəzi deputatlar bunun daha çox artırılmasını istəyirdilər. Onlar deyirdilər ki, bu müddət artırılmasa, bank sektoruna yenidən böyük zərbə dəyəcək.
Xatırlatma
«Əmanətlərin tam sığortalanması haqqında» Qanun 2016-cı ilin matında 3 illiyə qəbul edilmişdi. Həmin müddət bu il martın 4-də başa çatırdı.
Bundan əvvəl, 2015-ci ildə Azərbaycanda iki devalvasiya baş vermişdi. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirmişdi.
Bundan sonra ölkədə 10-dan çox bank bağlandı. Rəsmi məlumatlara görə, həmin banklarda olan əmanətlərdən indiyə kimi yalnız qorunan hissənin 99 faizi vətəndaşlara qaytarılıb.